Seymur Orucov, Elit-S MMC Texniki Şöbənin rəisi
Biz bu sərgidə tikinti şirkəti olaraq iştirak edirik. Qeyd etmək istərdim ki, istehsalat yox, məhz tikinti sahəsində ixtisaslaşmışıq. Şirkətimiz dəmir-beton konstruksiyaların inşası, suvarma kanallarının çəkilməsi, inzibati və yaşayış binalarının, eləcə də avtomobil yollarının tikintisi ilə məşğuldur.
Sərgidə iştirakımızın əsas məqsədi yeni layihələrlə tanış olmaq, potensial tərəfdaşlarla əlaqə qurmaq və gələcəkdə əməkdaşlıq edə biləcəyimiz şirkətlərlə müzakirələr aparmaqdır. Hər bir yeni layihədə biz öz töhfəmizi verməyə, sahənin inkişafına dəstək göstərməyə çalışırıq.
Bu gün xüsusilə diqqət çəkən məsələlərdən biri də Xəzər dənizində suyun səviyyəsinin azalması və ümumilikdə regionda su ehtiyatlarının tükənməsi problemidir. Bu təkcə Azərbaycanın deyil, bütövlükdə regionun qarşısında duran ciddi bir ekoloji və iqtisadi çağırışdır.
Hesab edirəm ki, bu kimi sərgilərin davamlı olaraq keçirilməsi olduqca vacibdir. Belə platformalar vasitəsilə suvarma sistemlərinin təkmilləşdirilməsi, su ehtiyatlarının səmərəli idarə olunması və bu sahədə texnoloji həllərin paylaşılması mümkün olur. Bu isə ümumilikdə qlobal problemin – su çatışmazlığının – həllinə birbaşa müsbət təsir göstərir.