Parvin Azizov, Hydraulic Engineer at “PDL – Providence Doytch LLC”
Biz, PDL MMC olaraq, bu gün keçirilən sərgidə meliorativ və hidrotexniki qurğuların konstruksiyası, eləcə də mexaniki avadanlıqlara texniki xidmət sahəsində gördüyümüz işləri təqdim edirik. Buraya avadanlıqların tədarükü, təmiri, kalibrlənməsi və digər texniki xidmətlər daxildir. Məsələn, nasoslar, PSV-lər, klapanlar və digər sənaye avadanlıqları ilə bağlı geniş xidmət spektrini əhatə edirik.
Bugünkü dünyada su ehtiyatlarının azalması və tükənməsi kimi qlobal problemlər getdikcə daha aktual hal alır. Belə ciddi məsələlərin həlli isə təkcə bir şirkətin öhdəsinə düşə bilməz. Biz hesab edirik ki, bu sahədə irəliləyiş yalnız müxtəlif təşkilatların, şirkətlərin və mütəxəssislərin əməkdaşlığı sayəsində mümkündür. Birgə müzakirələr, təcrübə mübadiləsi və koordinasiya olunmuş fəaliyyət vacibdir ki, su ehtiyatlarının qorunması istiqamətində real nəticələr əldə olunsun.
Bu baxımdan, bu kimi tematik sərgilər çox dəyərlidir. Onlar sadəcə məhsul və xidmətlərin təqdimatı ilə məhdudlaşmır. Həm də mövcud çağırışların müzakirəsi, yeni həll yollarının axtarışı və müxtəlif tərəfdaşlarla əlaqələrin qurulması üçün unikal platforma yaradır. Biz sərginin təşkilinə görə təşəkkür edirik və ümid edirik ki, bu cür tədbirlər gələcəkdə də davamlı inkişaf naminə əməkdaşlığa təkan verəcək.