Zahidat Həsənəliyeva, “Evrascon” şirkətinin Təchizat üzrə aparıcı mütəxəssisi
Evraskon şirkəti olaraq, Azərbaycanda körpülərin, yolların, tunellərin, mikrotunellərin, hidrotexniki qurğuların, su anbarlarının, yol infrastrukturu və bina tikintisi sahəsində fəaliyyət göstəririk. Layihələrimiz genişmiqyaslı infrastruktur obyektlərini əhatə edir və bu sahədə böyük təcrübəyə malikik.
Sərgidə iştirakımız birinci dəfə deyil. Müxtəlif illərdə həm stendlə, həm də birbaşa iştirakçı qismində bir neçə sərgidə təmsil olunmuşuq. Qeyd etmək istərdim ki, təşkilatçılıq baxımından heç bir narazılığımız yoxdur. Bu dəfə də sərgi yüksək səviyyədə keçir.
Bu gün ərzində həm yerli, həm də xarici şirkət nümayəndələri ilə məhsuldar görüşlərimiz olub. Maraqlanan tərəflərlə fikir mübadiləsi aparmışıq və mümkün əməkdaşlıqlar barədə ilkin razılaşmalar da müzakirə olunub.
Fikrimcə, bu kimi mövzularda sərgilərin keçirilməsi çox vacibdir. Əgər bu cür tədbirlər daha tez-tez təşkil olunsa, çox faydalı olar. Xüsusilə də bu gün dünyada aktuallaşan problemlər — su səviyyəsinin azalması, su qıtlığı və digər ekoloji çağırışlar — bu sahədə mütəxəssisləri, şirkətləri və həll təkliflərini bir araya gətirmək üçün böyük platformaya çevrilə bilər.
Əlavə olaraq, arzu edərdim ki, gələcək sərgilərdə Çin kimi texnologiyada irəlidə olan ölkələrdən və digər xarici şirkətlərdən daha çox iştirakçı görək. Bu, həm təcrübə mübadiləsi, həm də beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm rol oynaya bilər.
Nəticə olaraq, sərgini yüksək qiymətləndirir və təşkilatçılara təşəkkür edirik. Əminəm ki, Baku Water Week sırgisi təkcə şirkətlərin tanıdılması üçün deyil, həm də sənaye sahəsindəki qlobal problemlərin həlli üçün yeni yanaşmaların formalaşmasına zəmin yaradır.