"Baku Water Week"in açılış mərasimi keçirildi

"Baku Water Week"in açılış mərasimi keçirildi

10 sentyabr 2025 0000

10 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 2-ci Beynəlxalq “Su Təsərrüfatı” Sərgisi və Konfransı – “Baku Water Week” (Bakı Su Həftəsi) öz işinə başlayıb. Tədbir Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dəstəyi ilə keçirilir. Tədbirin təşkilatçısı “Caspian Event Organisers” şirkəti və onun beynəlxalq tərəfdaşları – “Caspian Event Management” və “ICA Events” şirkətləridir. “Baku Water Week”ə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal dəstək göstərilir.

2-ci Beynəlxalq “Su Təsərrüfatı” Sərgi və Konfransının rəsmi açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov və “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov çıxış ediblər.

Zaur Mikayılov çıxışında ötən il keçirilən ilk Bakı Su Həftəsinin bu platformanın əhəmiyyətini və zəruriliyini nümayiş etdirdiyini xüsusi vurğulayıb. Artıq ənənə halını alan bu sərgi və konfrans su ehtiyatlarının idarə olunması, qorunması və ən əsası – gələcək nəsillər üçün davamlılığının təmin olunması məsələləri üzrə aktual müzakirələr üçün imkan yaradır. Spiker qeyd edib ki, bu gün qarşımızda duran əsas vəzifə ölkə vətəndaşlarının təmiz suya çıxışının təmin olunması və su təhlükəsizliyinin yaradılmasıdır. Bu məqsədlərə nail olmaq üçün ölkələr arasında siyasi, iqtisadi və elmi sahələrdə əməkdaşlıq vacibdir. O, əminliklə bildirib ki, Bakı Su Həftəsi çərçivəsində keçirilən işgüzar görüşlər, təqdimatlar və fikir mübadilələri bu sahədə əməkdaşlığın dərinləşməsinə töhfə verəcək.

Fərid Məmmədov öz çıxışında su mövzusunun gündəlikdə olan ən vacib məsələlərdən biri olduğunu qeyd edib. İqlim dəyişikliyi, şirin su çatışmazlığı və ekoloji problemlər artıq yalnız bir ölkənin deyil, bütün bəşəriyyətin qarşısında duran çağırışlardır. Bakı Su Həftəsi bu çağırışlara cavab axtarışı, bu sahədə ideya və innovasiyaların formalaşması, su ehtiyatlarının qorunması məqsədlərinə nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinə xidmət edir. O, tədbirin iştirakçıları ilə bağlı statistik məlumatlar təqdim edib və sponsorlara təşəkkürünü bildirərək iştirakçılara məhsuldar iş arzulayıb.

Rəmzi lentkəsmə mərasimindən sonra tədbirin iştirakçıları və qonaqları üçün VIP tur təşkil olunub.

Son illər Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən olunmuş təxirəsalınmaz tədbirlər çərçivəsində ölkədə bir sıra mühüm layihələr həyata keçirilib: suvarma sistemlərinin yenilənməsi, yeni su anbarlarının tikintisi, irriqasiya sistemlərinin bərpası, duzsuzlaşdırma texnologiyalarının tətbiqi, o cümlədən Xəzər dənizinin suyunun duzsuzlaşdırılması üzrə pilot layihələr.

“Baku Water Week” məhz bu kontekstdə ölkəyə yeni həllər, avadanlıqlar və qabaqcıl yanaşmalar gətirərək,  su təsərrüfatında texnoloji yeniliklərin tətbiqinə və dayanıqlı idarəetməyə stimul verir.

“Baku Water Week” tədbirinin aktuallığı və əhəmiyyəti onunla vurğulanır ki, tədbirin baş sponsoru enerji və su ehtiyatları sahəsində ixtisaslaşmış Səudiyyə Ərəbistanının aparıcı şirkəti olan “ACWA Power”dır.

Tədbirin keçirilməsinin əsas məqsədi ölkədə su təsərrüfatının daha da inkişaf etdirilməsi, yeni texnologiyaların, avadanlıqların və investisiyaların cəlb olunması, mövcud çətinliklərin və onların həll yollarının müzakirəsi, eləcə də maraqlı tərəflər üçün yeni imkanların əlçatanlığının təmin olunmasıdır.

“Baku Water Week”də Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətləri iştirak edir.
Sərgidə təqdim olunacaq məhsul və xidmətlər çoxşaxəlidir: analiz və laboratoriya texnologiyaları; bank xidmətləri; borular və boru kəməri avadanlığı və məhsulları; bulud toxum səpmə texnologiyaları; daşqınlardan qorunma texnologiyaları və sahilbərkitmə işləri; drenaj üçün avadanlıqlar; elmi-tədqiqat institutları; hidrotexniki qurğular; içməli suların emalı; su təchizatı və kanalizasiya; su təchizatı və su təsərrüfatında inşaat və qazma texnikası və avadanlığı; su təchizatı və su təsərrüfatında ölçmə, tənzimləmə və nəzarət texnologiyaları; su təsərrüfatı obyektlərinin layihələndirilməsi və tikintisi; su təsərrüfatında informasiya və kommunikasiya texnologiyaları; su təsərrüfatında süni intellekt; su təsərrüfatında təhsil, elmi araşdırmalar; suvarma sistemləri; suyun duzsuzlaşdırılması texnologiyaları; tullantı və yağış sularının axıdılması və emalı sistemləri.

Bakı Su Həftəsi çərçivəsində su ehtiyatlarının idarə olunması, suyun səmərəli istifadəsi, qlobal iqlim dəyişiklikləri, su təhlükəsizliyi, su təsərrüfatı sahəsində innovativ yanaşmalar, su diplomatiyası, eləcə də yeni su texnologiyaları və praktikaları kimi mövzular müzakirə olunacaq. Gündəlikdə həmçinin bu sahə ilə bağlı mühüm təşəbbüslər də yer alacaq.

Tədbir çərçivəsində dövlət qurumları, özəl sektor və innovativ startaplar arasında əməkdaşlığın inkişafına yönəlmiş B2B və B2G görüşlər də keçiriləcək.

“Baku Water Week”in təşkil olunduğu üç gün ərzində Bakı Ekspo Mərkəzinin foyesində "Zabuxçay su anbarı" – Azad Qarabağın ilk su anbarı, eləcə də "Şiber" su çarxının maketləri nümayiş olunacaq.


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN